×
A
A
A
Sazlamalar

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

İstanbul, 14 oktyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində yağan güclü leysan yağışı şəhər həyatına ciddi təsir göstərib. Şəhərin bir sıra ərazilərində yolları, metro stansiyalarını və yeraltı keçidləri su basıb.
AZƏRTAC xəbər verir ki, yağış sularının küçə və prospektlərdə toplanması avtomobillərin hərəkətində çətinliklər yaradıb. Bir sıra avtobuslar su basmış yollarda hərəkətsiz qalıb, bəzi avtobusların salonlarına isə su dolub.
Güclü yağıntılar idman yarışlarına da təsirsiz ötüşməyib. Türkiyə 1-ci Liqasının 10-cu turu çərçivəsində keçirilən Ümraniyespor–Boluspor qarşılaşması intensiv yağış səbəbindən yarımçıq dayandırılıb.
İstanbul Valiliyinin açıqlamasına əsasən, əlverişsiz hava şəraiti ilə əlaqədar şəhərdə təhsil prosesinə birgünlük fasilə verilib. Yağıntı səbəbindən bəzi hava limanlarında, xüsusilə təyyarələrin şəhərə enişində çətinliklər meydana gəlib.
Yağışın yaratdığı fəsadlarla bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2026-10-14 21:16:00