×
A
A
A
Sazlamalar

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Bakı, 13 oktyabr, AZƏRTAC

Xəzər dənizinin sahil xəttinin, relyef xüsusiyyətlərinin və müxtəlif memarlıq üslublarında inşa edilmiş tikililərin vəhdəti Bakıya digər şəhərlərdən fərqlənən özünəməxsus memarlıq görkəmi verir.
Bunu “Acoustic Group” holdinqinin prezidenti, texnika elmləri namizədi Anatoli Livşits AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Ekspertin sözlərinə görə, 2017-ci ildə Bakıya ilk səfərindən ötən doqquz il ərzində paytaxt xeyli dəyişib.
Bakının müasir memarlığından danışan ekspert Avropa memarlıq ənənələrinin izlərini özündə əks etdirən “Ağ Şəhər” layihəsini xüsusi qeyd edib. Onun sözlərinə görə, buradakı binalar Fransa və İngiltərə memarlığını xatırladır, Avropa şəhərlərinə xas ab-hava yaradır.
“Mən həm Fransada, həm də İngiltərədə dəfələrlə olmuşam. Burada həmin şəhərlərin ruhu uğurla əks olunub. Bu binalar çox xoşuma gəldi”, – deyə o bildirib.
A.Livşits paytaxtın diqqətəlayiq memarlıq nümunələri sırasında Heydər Əliyev Mərkəzini də qeyd edərək onu maraqlı bina adlandırıb. O, müasir memarlıq həllinin ənənəvi sənətlə vəhdət təşkil etdiyi Azərbaycan Xalça Muzeyinə də diqqət çəkib.
“Bina müasirdir, çox gözəldir. Xalçalar isə qədim və inanılmaz dərəcədə gözəldir”, – deyə ekspert təəssüratlarını bölüşüb.
A.Livşitsin fikrincə, memarlığı yalnız zahiri gözəllik baxımından deyil, həm də məkanın təşkili və funksional təyinatı baxımından qiymətləndirmək vacibdir. O, bu prinsipi belə ifadə edib: “Forma heç vaxt məzmundan üstün olmamalıdır”.
Bakının memarlıq xüsusiyyətlərindən danışan ekspert paytaxtı digər şəhərlərlə birbaşa müqayisə etməyin çətin olduğunu vurğulayıb. O, nümunə olaraq, Bakı kimi ifadəli landşaftı ilə seçilən, lakin özünəməxsus memarlıq görkəminə malik olan Lissabonu göstərib.
“Bakının özünəməxsus siması var və bu sima daha gözəldir”, – deyə A.Livşits vurğulayıb.
Ekspert paytaxtın akustik mühitinə də toxunaraq şəhərdə səs-küy səviyyəsinin rahatlıq üçün əlverişli olduğunu qeyd edib. Onun fikrincə, akustik şərait şəhər mühitinin keyfiyyətini müəyyən edən mühüm amillərdən biridir.

Müxbir – Lalə Minasazova
Foto – Səfiyar Məcnun

Mədəniyyət 2026-10-13 22:38:00