×
A
A
A
Sazlamalar

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

Vaşinqton, 13 oktyabr, AZƏRTAC

Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Elvin Əşrəfzadə oktyabrın 12-də BMT Baş Assambleyasının dayanıqlı inkişaf, iqlim dəyişikliyi və enerji təhlükəsizliyinə həsr olunmuş müzakirələrində bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz tədarük edir və dünyanın aparıcı boru kəməri qazı ixracatçıları sırasında yer alaraq Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Onun sözlərinə görə, 2030-cu ilədək əlavə 6 giqavat günəş və külək enerjisi gücünün yaradılması üzrə sazişlər imzalanıb. Bu, mövcud gücün üç dəfə artırılmasına imkan verəcək. 2032-ci ilədək isə həmin göstəricinin 8 giqavata çatdırılması nəzərdə tutulur.
Elvin Əşrəfzadə bildirib ki, Azərbaycanın yenilənmiş iqlim öhdəliklərinə əsasən, istixana qazı emissiyalarının 40 faiz azaldılması hədəfi 2050-ci ildən 2035-ci ilə çəkilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji zonalarının yaradılması istiqamətində də işlər aparılır.
Diplomat COP29-un əsas nəticələrini, o cümlədən qlobal iqlim maliyyələşdirilməsi hədəfinin üç dəfə artırılmasını, Paris Sazişinin 6-cı maddəsi üzrə karbon bazarı mexanizmlərinin işə salınmasını və İtki və Zərərə Cavab Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində irəliləyişi xatırladıb.
O bildirib ki, Azərbaycan COP31-ə hazırlıq çərçivəsində Türkiyə və Avstraliyanın rəhbərliyini tam dəstəkləyir və əlavə edib ki, ölkəmiz Bakı və Belemdə əldə olunan irəliləyişlərin davam etdirilməsi, eləcə də Antalyada keçiriləcək COP31-də konkret nəticələrin əldə olunması üçün bütün tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.
Elvin Əşrəfzadə qeyd edib ki, bərpaolunan enerji layihələrinin genişləndirilməsi Azərbaycanın gələcəkdə Avropa bazarlarına yaşıl elektrik enerjisi ixracı üçün də yeni imkanlar yaradacaq.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Siyasət 2026-10-13 02:41:00