×
A
A
A
Sazlamalar

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Füzuli, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Kənd Qadınları Assosiasiyasının təşkilatçılığı ilə Füzuli rayonunun Qayıdış qəsəbəsində fəaliyyət göstərən ŞAMAMA Qadın Qrupunun “Cücə-inkubator sexi” layihəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 Oktyabr – Beynəlxalq Kənd Qadınları Günü ərəfəsində təşkil olunan tədbir kənd qadınlarının iqtisadi fəallığının artırılması, ailə təsərrüfatlarının inkişafı və qadın sahibkarlığının təşviqi baxımından əhəmiyyət daşıyır.
2022-ci ildə yaradılan və 17 üzvü birləşdirən ŞAMAMA Qadın Qrupu meyvə-tərəvəz istehsalı və emalı, heyvandarlıq və quşçuluq sahələrində kollektiv şəkildə fəaliyyət göstərir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədarük və Təchizat ASC tərəfindən həyata keçirilən AFAQ layihəsi qrupu cücə-inkubator avadanlıqları ilə əvəzsiz təmin edib. Qrup üzvləri isə yaratdıqları depozit yığım fondu hesabına kiçik elektrik generatoru alaraq təşəbbüsə öz töhfələrini veriblər.
Yeni sex yerli quşçuluğun inkişafına, ailə təsərrüfatlarının istehsal imkanlarının genişləndirilməsinə və qadınların əlavə gəlir əldə etməsinə xidmət edəcək. Artıq qəsəbədə yaşayan fermer qadınlar öz həyətlərində bəslədikləri toyuqların yumurtalarını inkubasiya üçün sexə gətirir, cücə əldə edərək təsərrüfatlarını inkişaf etdirirlər.
Açılış mərasimində çıxış edən Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova layihənin əhəmiyyətini vurğulayıb, qadınları Beynəlxalq Kənd Qadınları Günü münasibətilə təbrik edib. AFAQ layihəsinin koordinatoru Əli Orucov isə təşəbbüsün inkişaf perspektivlərindən və fermer qadınların iqtisadi imkanlarının genişləndirilməsindəki rolundan danışıb.
Tədbirdə Bərdə, Beyləqan və Ağdam rayonlarından gələn qadın kooperativlərinin və qruplarının nümayəndələri də iştirak ediblər. Kənd qadınları öz məhsullarının sərgisini təşkil edib, milli folklor nümunələrini və milli yeməklərin hazırlanmasını nümayiş etdiriblər.
ŞAMAMA Qadın Qrupunun təşəbbüsü qadınların birgə fəaliyyəti və daxili resurslarını səfərbər etməsi ilə kənd yerlərində yeni iqtisadi imkanların yaradılmasının mümkünlüyünü göstərir. Cücə-inkubator sexinin fəaliyyətə başlaması Qayıdış qəsəbəsində qadın sahibkarlığının inkişafı, ailə təsərrüfatlarının möhkəmləndirilməsi və icma həmrəyliyinin gücləndirilməsi istiqamətində mühüm addımdır.
Müxbir-Aydın Yavərzadə

Regionlar 2026-10-12 23:28:00