


Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır
Ankara, 12 oktyabr, AZƏRTAC
Türkiyə baş verən hadisələrə yanaşmasında etnik və ya dini amilləri əsas götürmür, regionun bütün hissələrində sülhün təmin olunmasını dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin üç saatdan çox davam edən iclasının yekunlarına dair brifinqdə deyib.
O, Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumları ilə müşayiət olunan gərginliyin yeni mərhələsinə diqqət çəkib.
“Ər-Riyad hava limanının atəşə tutulmasını qətiyyətlə pisləyirik. Bu hücum nəticəsində aralarında zəvvarların da olduğu 12 nəfər həlak olub. Türkiyə qardaş Səudiyyə Ərəbistanının yanındadır”, – deyə Türkiyə lideri vurğulayıb.
O, Ankaranın Ər-Riyadla müdafiə sahəsində əməkdaşlığın institusional əsaslarını formalaşdırmaq üçün zəruri addımlar atdığını qeyd edib.
Dövlət başçısı, həmçinin Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sazişinin mətninin yaxın vaxtlarda təsdiq olunmaq üçün Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyini bildirib.
Prezident Ankaranın fikir ayrılıqlarının diplomatik yollarla həllinə çalışdığını da vurğulayıb.