×
A
A
A
Sazlamalar

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Bakı, 12 oktyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən 17-ci Beynəlxalq Enerji Forumu (IEF17) və 25-ci WPC Enerji Konqresi çərçivəsində təşkil olunan OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin onlayn iclasında iştirak edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda OPEC Katibliyinin “Xam neftin daşınması və sığortalanması xərclərinin artması” mövzusunda təqdimatı dinlənilib, mövcud şəraitin qlobal neft bazarına təsirləri müzakirə olunub.
Nazir Pərviz Şahbazov çıxışında bildirib ki, neft bazarının sabitliyi üçün tələb və təklif balansı ilə yanaşı, enerji resurslarının beynəlxalq bazarlara təhlükəsiz, fasiləsiz və əlverişli şərtlərlə çatdırılması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, bazar şəraitinin qiymətləndirilməsində nəqliyyat marşrutlarının təhlükəsizliyi, fraxt tarifləri və sığorta xərclərinin nəzərə alınması vacibdir.
Nazir Azərbaycanın OPEC+ çərçivəsində hər zaman etibarlı tərəfdaş olduğunu bildirərək, ölkəmizin bundan sonra da birgə səylərə dəstəyini davam etdirəcəyini qeyd edib.
İclasda nazirlər OPEC+ çərçivəsində məsləhətləşmələrin davam etdirilməsi, bazardakı vəziyyətin izlənilməsi, hökumətlər və sənaye nümayəndələri ilə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

 

İqtisadiyyat 2026-10-12 21:35:00