×
A
A
A
Sazlamalar

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Paris, 12 oktyabr, AZƏRTAC

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Fransanın Beynəlxalq Münasibətlər və Siyasi Elmlər İnstitutunun tələbələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tələbələrə Azərbaycanın müstəqillik tarixi, milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət kursu, mövcud enerji böhranı şəraitində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin artan rolu barədə ətraflı məlumat verib.
Azərbaycanın Orta Dəhliz çərçivəsində strateji əhəmiyyəti, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafındakı mövqeyi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, eləcə də regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində ölkəmizin səyləri diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycanın zəngin multikultural irsi, müxtəlif etnik qrupların birgəyaşayış ənənələri və dünyəvilik prinsiplərinə əsaslanan dövlətçilik modeli ölkənin ictimai-siyasi həyatının mühüm xüsusiyyətlərindəndir.
Görüşdə tələbələri maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanda dünyəvilik prinsipləri və dini azadlıq, Rusiya-Ukrayna müharibəsi fonunda ölkəmizin hər iki dövlətlə münasibətlərini milli maraqları əsasında tənzimləməsi, Azərbaycan-Fransa münasibətlərində müşahidə olunan gərginlik və əlaqələrin normallaşdırılması istiqamətində atılan addımlardan danışılıb.
Tələbələr, həmçinin Azərbaycan ərazisindəki erməni mədəni irsinin qorunması, ölkəmizin qarşıdakı illərdə beynəlxalq münasibətlər sistemində mövqeyi və gələcək rolu ilə bağlı suallar ünvanlayıblar.
Suallar cavablandırılarkən Azərbaycanın müvafiq məsələlər üzrə mövqeyi, həyata keçirilən siyasətin əsas prioritetləri və regional proseslərə yanaşması barədə ətraflı məlumat verilib.
Görüş tələbələrin Azərbaycan haqqında biliklərinin genişləndirilməsi, ölkəmizin xarici siyasət prioritetləri və regionda baş verən proseslər barədə fikir mübadiləsinin aparılması baxımından böyük əhəmiyyət daşıyıb.

Siyasət 2026-10-12 21:28:00