


Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb
London, 12 oktyabr, AZƏRTAC
Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında növbəti sammit noyabrın 20-də Brüsseldə keçiriləcək.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb. Sammitin əvvəlcə daha erkən tarixdə keçirilməsi planlaşdırılsa da, Böyük Britaniyanın keçmiş Baş naziri Kir Starmerin istefasından sonra görüş təxirə salınmışdı.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem bu gün parlamentin İcmalar Palatasında çıxışı zamanı ölkəsinin Avropa İttifaqı ilə münasibətlərini daha da yaxınlaşdırmaq niyyətində olduğunu bildirib. Baş nazir mövcud vəziyyətin Böyük Britaniya üçün qənaətbəxş olmadığını vurğulayaraq, Aİ ilə yeni razılaşma əldə etmək imkanından istifadə etməməyin vəzifə borcuna etinasızlıq olacağını qeyd edib.
Noyabrın 20-də keçiriləcək sammitdə Böyük Britaniyanın Baş naziri Endi Börnhem, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iştirak edəcəklər. Görüşdə tərəflər arasında təhlükəsizlik, müdafiə, enerji, ticarət, iqlim və miqrasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də gələcək münasibətlərin perspektivləri müzakirə olunacaq.