


Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq
Kiyev, 11 oktyabr, AZƏRTAC
Gələn həftə Ukrayna Avropa İttifaqından (Aİ) təxminən 3 milyard avro dəyərində hərbi dəstək alacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” səhfəsindəki paylaşımında bildirib.
Prezidentin sözlərinə görə, o, bu gün Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə telefon danışığı aparıb. Diqqət Ukraynanın güclənməsinə kömək edəcək bütün mümkün həll yollarına yönəlib.
"Ursulaya müdafiə üçün bu yaxınlarda ayrılmış 1,24 milyard avroluq yardıma görə təşəkkür etdim. Gələn həftə təxminən 3 milyard avro hərbi dəstək ayrılacağına dair təsdiqə görə minnətdaram. Bunlar bizi gücləndirəcək vəsaitlərdir", - deyə Zelenski yazıb.
Dövlət başçısı, həmçinin vurğulayıb ki, o, Avropa Komissiyasının rəhbərinə Rusiyanın yeni hücumları barədə məlumat verib. Məsələn, 11 oktyabrda Rusiya Kiyevdəki elektrik stansiyasına pilotsuz təyyarə ilə hücum edib və nəticədə paytaxtın bir çox ərazisində elektrik kəsilib.
"Daha sonra Xarkov bölgəsindəki enerji obyektlərinə zərbələr endirilib. Bu, ABŞ Prezidentinin enerji atəşkəsi elan etməsindən sonra baş verib. Bu şəraitdə tərəfdaşlarımızın etibarlı dəstəyi əsl xilaskardır və rusların Ukraynanı parçalaya bilməyəcəyinə zəmanətdir", - deyə dövlət başçısı vurğulayıb.