


XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb
Bakı, 11 oktyabr, AZƏRTAC
XXI Bakı Caz Festivalı norveçli musiqiçi Ayven Mazuzenin iştirakı ilə möhtəşəm şou proqramla başa çatıb. Festivalın bağlanış konserti İçərişəhərdə açıq havada keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert musiqisevərləri, paytaxt sakinlərini, ölkəmizin qonaqlarını, mədəniyyət və incəsənət xadimlərini bir araya gətirib. Açıq havada keçirilən konsert əsl sürpriz olub. Konsertə giriş sərbəst olduğundan hər kəs bu musiqi axşamında iştirak edə bilib.
Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, festival üçün hər zaman girişin sərbəst olduğu açıq məkanlarda konsertlərin təşkili xüsusi əhəmiyyət daşıyıb. Belə məkanlar şəhər sakinlərinə və qonaqlara ölkədə caz festivalının keçirildiyini öyrənmək, bu mühiti hiss etmək, həm Azərbaycan, həm də xarici musiqiçilərin ifalarını dinləmək imkanı yaradır.
“Qapalı məkanlarda keçirilən konsertlərə insanlar məqsədli şəkildə gəlirlər. Onlar hara getdiklərini bilirlər. Açıq məkanlar isə caz musiqisini konsert salonlarından kənara çıxarmağa və daha geniş auditoriyaya çatdırmağa imkan verir. Bu, xüsusilə də caz musiqisi ilə yaxından tanış olmayan gənclər üçün çox vacibdir. Gənc bir insan təsadüfən hansısa melodiyanı və ya musiqi alətinin səsini eşidərsə, bu, onun həyatında həlledici dönüş nöqtəsinə çevrilə bilər. O, caz musiqisini dinləməyə, hətta musiqi alətlərində ifa etməyə başlaya bilər”, – deyə L.Əfəndiyeva vurğulayıb.
Festivalın bağlanış konsertində çıxış edən saksofonçu Ayven Mazuze tamaşaçılara səmimi qarşılanmaya görə təşəkkür edib və Bakı Caz Festivalı çərçivəsində Azərbaycanda çıxış etməkdən məmnun olduğunu bildirib.
Ayven Mazuze Mozambik əsilli, hazırda Norveçdə yaşayan, tanınmış bəstəkar, bir sıra mükafatlara layiq görülmüş saksofonçu və dünya səviyyəli caz ifaçısıdır. Afrika musiqi ənənələrini müasir cazla özünəməxsus şəkildə birləşdirən Mazuzenin musiqisi dərinliyi ilə seçilir və dünyanın müxtəlif musiqi cərəyanlarının təsirini əks etdirir.
Qeyd edək ki, XXI Bakı Caz Festivalı oktyabrın 3-dən 11-dək Bakıda və şəhərdən kənarda keçirilib. Bu il festivalda 12-dən çox ölkədən sənətçilər iştirak ediblər. Caz həvəskarları konsertləri və birgə improvizasiya ifalarını dinləmək imkanı əldə ediblər. Festivalın son iki günü Qız qalasının yaxınlığında, İçərişəhərdə açıq havada keçirilib.