×
A
A
A
Sazlamalar

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Bakı, 10 oktyabr, AZƏRTAC

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, IJF-in baş katibi doktor Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanyşbek Yesekeyev iştirak ediblər.
IJF bayrağı arenadakı bayraq dirəyindən endirilərək əsas səhnəyə gətirilib. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli bayrağı IJF-in baş katibi Lisa Allana təqdim edib.
Daha sonra Lisa Allan bayrağı 2027-ci ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi Kuanyşbek Yesekeyevə təhvil verib.
Bununla dünya çempionatına ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib. Tədbirin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.

İdman 2026-10-10 23:20:00