×
A
A
A
Sazlamalar

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb


Berlin, 10 oktyabr, AZƏRTAC
ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qərarı Avropada sərt etirazla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta X hesabındakı paylaşımında beynəlxalq ədalətin müdafiə olunmasının vacibliyini qeyd edib.
“Avropa İttifaqı ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı institusional sanksiyalar tətbiq etmək qərarından dərin təəssüf hissi keçirir. Vəziyyəti diqqətlə təhlil edəcək və məhkəməni qorumaq üçün müvafiq addımlar atacağıq”, - deyə A.Koşta vurğulayıb. O, Aİ-nin siyasi, diplomatik, maliyyə və praktiki vasitələrlə BCM-ni və Roma Statutu sistemini dəstəkləməkdə davam edəcəyini bildirib.
ABŞ-nin bu qərarına qarşı Almaniya, Böyük Britaniya, Danimarka, Fransa, İtaliya, Kanada, Niderland və Yaponiya da etiraz edib. Bu ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatında Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı olan bu dövlətlərin BCM-nin müstəqilliyinə, qərəzsizliyinə və bütövlüyünə davamlı və sarsılmaz dəstəyi ifadə olunub.
“Məhkəmənin həyati əhəmiyyət daşıyan fəaliyyətini dəstəkləmək, beynəlxalq qaydalara əsaslanan sistemi qoruyub saxlamaq və məsuliyyətə cəlbetmə prinsipinin irəlilədilməsinə töhfə vermək üçün birgə səylərimizi davam etdirəcəyik”, - deyə birgə bəyanatda vurğulanıb.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2026-10-10 01:05:00