×
A
A
A
Sazlamalar

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

Kocaeli, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9–dan 11-dək Türkiyənin Kocaeli şəhərində ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin koordinasiyası ilə “Türk Dünyası Gənclərinin Görüşü” keçirilir.
AZƏRTAC xəbər verir ki, “Ortaq miras, tək ürək” şüarı ilə təşkil olunan tədbirdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən, eləcə də türk icmalarından yüzlərlə universitet tələbəsi, rəqəmsal media nümayəndəsi və jurnalistlər iştirak edir.
Oktyabrın 9-da tədbirin rəsmi açılış mərasimi keçirilib. Mərasim Türkiyənin dövlət himninin oxunması və Türk dünyası şəhidlərinin yad edilməsi ilə başlayıb.
Sonra Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri Tahir Büyükakın, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türkiyə Böyük Millət Məclisinin deputatı Veysel Tipioğlu və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu çıxışlarında Türk dünyasının gələcəyinin gənclərdən asılı olduğunu qeyd ediblər.
Dünyada baş verən hadisələr barədə danışan natiqlər dövlətlər arasındakı mədəni diplomatiyanın da bu çətin dövrdən keçdiyini bildirib, burada da tariximizə, birliyimizə sahib çıxmağın öz əlimizdə olduğunu deyiblər.
Kürşad Zorlu dünyada baş verən mühüm məsələlər barədə danışaraq ölkələrimiz arasındakı birlik və tarixdən alınan gücün həmrəyliyimizlə daha da artacağını deyib.
Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı sıx əməkdaşlığa toxunan Zorlu gənclərin bunun təməlini təşkil etdiyini, gəncliyin ən mühüm birləşdirici gücünün isə idman olduğunu qeyd edib.
O bildirib ki, artıq bütün Türk dövlətlərindən Türkiyəyə gələn futbolçular xarici deyil, türk oyunçu statusuna keçəcək. Bundan əlavə, hər iki ildə bir “Türkiyə kuboku” adı altında bütün Türk dövlətlərinin ortaq futbol turnirinin keçirilməsi də nəzərdə tutulub.
Zorlu Türk dünyası gənclərinin ikinci görüşünün gələn il Türkiyənin Kayseri şəhərində keçiriləcəyini bildirib.
Proqram türkdilli xalqların incəsənət ustalarının, o cümlədən Xalq artisti Azərinin təqdimatında bədii hissə ilə davam edib.
Qeyd edək ki, üç gün davam edəcək tədbir çərçivəsində konsertlər, mədəni tədbirlər, ekskursiyalar və panellər təşkil olunacaq. Görüşün məqsədi Türk dünyasının gəncləri arasında ünsiyyəti və əməkdaşlığı gücləndirmək, ortaq tarix və mədəni dəyərləri tanıtmaqdır.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Kocaeli

Cəmiyyət 2026-10-09 23:50:00