×
A
A
A
Sazlamalar

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Moskva, 9 oktyabr, AZƏRTAC

Rusiya hökuməti gələn il xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə 3 010 müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün kvota müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumət müvafiq qərar qəbul edib. Kvota üzrə ehtiyat icazələrin sayı da 1 140-dan 900-ə endirilib.
Ən çox icazə Moskva şəhərinə və Moskva vilayətinə ayrılıb. Bu ərazilər üçün müvafiq olaraq 500 və 250 icazə nəzərdə tutulub. Sankt-Peterburq üçün kvota 100-dən 50-yə, Leninqrad vilayəti üçün isə 50-dən 25-ə endirilib.
Ən az kvota Yəhudi Muxtar Vilayəti, Tuva Respublikası, Xakasiya Respublikası və Kostroma vilayəti üçün nəzərdə tutulub. Bu ərazilərin hər birinə beş icazə ayrılıb.
Kvota hər il miqrasiya vəziyyəti və Rusiyanın regionlarının iqtisadi durumu nəzərə alınmaqla, regional hakimiyyət orqanlarının təklifləri əsasında təsdiqlənir.
Bununla yanaşı, Rusiya qanunvericiliyi kvotadan kənar müvəqqəti yaşamaq icazəsinin alınması üçün də əsaslar müəyyən edir. Buna görə də müəyyənləşdirilmiş limit ölkədə yaşayan əcnəbilərin ümumi sayını əks etdirmir.
Belə ki, həmvətənlərin Rusiyaya köçürülməsi üzrə dövlət proqramının iştirakçıları və onların ailə üzvləri, Rusiyanın dövlət təhsil müəssisələrini bitirmiş müəyyən kateqoriyadan olan şəxslər, eləcə də Rusiya vətəndaşı ilə ən azı üç il nikahda olan və ya həmin nikahdan doğulmuş, yaxud övladlığa götürülmüş ümumi uşağı olan əcnəbilər kvotadan kənar müvəqqəti yaşamaq icazəsi ala bilərlər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2026-10-09 21:06:00