


Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Fransada məktəblilərin və tələbələrin hökumətin təhsil siyasətinə qarşı keçirdiyi etirazlar zamanı 504 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Hakimiyyətin hesablamalarına görə, bir gündə ölkə üzrə 71 500 nəfər nümayişlərə qatılıb. Onlardan 24 500-ü Parisdə etiraz edib.
Bir sıra şəhərlərdə aksiyalar iğtişaşlara və polis ilə toqquşmalara çevrilib. Yanğın, vandalizm və polisə hücum halları qeydə alınıb. Təkcə oktyabrın 8-də 48 hüquq-mühafizə əməkdaşı yaralanıb.
Etirazlar sentyabrın sonlarında Parisdə başlayıb və sonradan ölkənin digər bölgələrinə yayılıb. Nümayişçilər dərs yükünün çoxluğu, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.