×
A
A
A
Sazlamalar

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Bakı, 8 oktyabr, AZƏRTAC

XXI Bakı Caz Festivalı çərçivəsində “Azərbaycanın yeddi səsi. Təbiətdən ilhamlanaraq” (“Seven Sounds of Azerbaijan - Inspired by Nature”) sənədli filminin nümayişi keçirilib. Nümayişdə filmin rejissoru, jurnalist və musiqi araşdırmaçısı, almaniyalı Tomas Meltser iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir “Kapellhaus”Azərbaycan-Almaniya Mədəniyyət Mərkəzində keçirilib. Filmin nümayişindən sonra tamaşaçılar layihənin yaradıcılarına suallarını ünvanlamaq imkanı əldə ediblər. T.Meltser zalda olan gəncləri öz ölkələrini sevməyə, onunla maraqlanmağa və orada daha çox səyahət etməyə çağırıb.
“Azərbaycanın yeddi səsi. Təbiətdən ilhamlanaraq” filmi Azərbaycanın təbiətini, mədəni irsini və musiqi ənənələrini araşdıran sənədli səyahət filmidir. Layihə tanınmış azərbaycanlı caz musiqiçisi və bəstəkarı, Bakı Caz Festivalının təsisçisi, Əməkdar artist Rain Sultanovun ideyası əsasında hazırlanıb. Onun orijinal caz kompozisiyaları filmin bütün süjet xətti boyunca musiqi müşayiəti kimi səslənir.
Film tamaşaçını Azərbaycanın yeddi müxtəlif təbiət zonasına və məkanına aparır. Burada vəhşi təbiətin təbii səsləri - külək, su, yarpaqların xışıltısı canlı caz improvizasiyası ilə poetik şəkildə birləşərək ölkənin unikal audiovizual portretini yaradır.
Film Almaniyada, o cümlədən Berlin Sənədli Film Festivalı da daxil olmaqla, beynəlxalq festivallarda uğurla nümayiş etdirilib.
AZƏRTAC-ın müxbiri ilə söhbətində T.Meltser layihə üzərində işin necə aparıldığını və bu prosesdə onun üçün ən təəccüblü məqamın nə olduğunu danışıb.
Bu layihə təxminən 15 il əvvəl, Rain Sultanovla ilk dəfə görüşdüyüm zaman başladı. Bir müddət sonra dost olduq və Rain mənə bir arzusundan danışdı: o, Azərbaycanın necə səsləndiyini göstərən bir layihə hazırlamaq istəyirdi. Bu, musiqi vasitəsilə Azərbaycanın təsvirindən daha fərqli bir yanaşma idi. Məqsəd Azərbaycan torpağının öz səsini, ruhunu, avazını duyurmaq və ifadə etmək idi. Beləliklə, birgə layihə ideyası yarandı. Biz Azərbaycanın necə səsləndiyini, bu torpağın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik.
2013-cü ilin oktyabrında həyat yoldaşım, peşəkar rejissor Anje Dombrovski, Rain və bir neçə başqa musiqiçi ilə birlikdə Azərbaycan üzrə səyahətə çıxdıq. Ölkənin yeddi müxtəlif bölgəsində çəkilişlər apardıq. Musiqiçilər təbiətdəki səsləri dinləyir və elə təbiətin qoynunda öz alətlərində improvizasiya edirdilər.
Rain musiqi eskizləri toplayırdı. Birlikdə bir aylıq müddətə Osloda məşhur “Rainbow” səsyazma studiyasına getdik. Orada həmin eskizlər əsasında “Azərbaycanın yeddi səsi. Təbiətdən ilhamlanaraq” adlı musiqi albomu hazırlandı. Sənədli filmimiz də eyni ad altında buraxıldı”, - deyə rejissor qeyd edib.
T.Meltser qeyd edib ki, bu, həqiqətən də mühüm təcrübə oldu - musiqiçiləri təbiətlə birlikdə necə işlədiklərini görmək gözəl təsir bağışladı.
“Bəzən təbiət bizə güc gəlirdi... Məsələn, Şirvan Milli Parkında olduğumuz zaman yağış yağmağa başladı, biz isə fortepiano və saksofonda improvizasiya etməyi planlaşdırmışdıq. Təsəvvür edirsiniz, çəkilişə royal gətirmişdik. Amma royalı yağışda istifadə etmək mümkün deyildi. Çəkilişi başqa günə saxlamaq məcburiyyətində qaldıq. Bu layihədə hər şeyi əvvəlcədən planlaşdırmaq mümkün deyildi, çoxlu gözlənilməz məqamlar olurdu”, - deyə həmsöhbətimiz gülərək söyləyir.
“Layihənin ən böyük çətinliyi nədən ibarət idi?” sualını cavablandıran rejissor yenidən hava şəraitindən və çəkiliş zamanı yaranan bəzi hallardan danışıb.
“Məsələn, meşədə çəkiliş aparmağı planlaşdırırdıq, düşünürdük ki, orada maraqlı bir ab-hava tapacağıq. Amma məlum oldu ki, orada gözlədiyimizdən çox müxtəlif səslər var. Bu səslər musiqiçilərin diqqətini cəmləməsinə imkan vermədi və çəkilişi dayandırmalı olduq.
Çəkiliş günləri həmişə çox qısa olurdu. Bəzən çox stres yaşayırdıq. Amma sonda nəticə inanılmaz oldu. Musiqiçilərin təbiətdə aşkar etdikləri səsləri eşitmək həqiqətən yeni bir təcrübə idi: təkcə biz, film yaradıcıları üçün deyil, düşünürəm ki, musiqiçilərin özləri üçün də”, - deyə T.Meltser hisslərini bölüşüb.
Layihə üzərində gedən iş prosesində onun üçün ən təəccüblü olan məqamdan danışan rejissor Azərbaycanın çox müxtəlif xüsusiyyətlərə malik ölkə olduğunu vurğulayıb.
“Ərazisinə görə Azərbaycanı, məsələn, Avstriya ilə müqayisə etmək olar. Bu ərazi daxilində isə biz bir-birindən tamamilə fərqli yeddi landşaftı göstərdik.
Amma bizim sənədli filmimizə baxmaq üçün sizə bir saatdan da az vaxt lazım olacaq və sanki orada “olmuş” kimi özünüzü hiss edəcəksiniz. Həmçinin bu landşaftların necə səsləndiyini öyrənəcəksiniz”, - deyə T.Meltser əlavə edib.
XXI Bakı Caz Festivalı oktyabrın 3-dən 11-dək Bakı şəhərində, eləcə də paytaxtdan kənarda keçirilir. Bu il festivalda 10-dan çox ölkədən sənətçilər iştirak edirlər. Caz həvəskarlarını rəngarəng konsertlər, film nümayişi və cem-seyşnlar gözləyir. Festivalın son iki günü açıq havada – İçərişəhərdə, “Qız qalası”nın yaxınlığında keçiriləcək. Açıq havada keçiriləcək konsertlərə giriş sərbəstdir.

Müəllif – Anara Axundova

Mədəniyyət 2026-10-08 22:32:00