


Türkiyə-Azərbaycan Universiteti tələbələrinin ODTÜ-nün akademik imkanlarından istifadəsi genişləndirilir
Bakı, 8 oktyabr, AZƏRTAC
Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru dosent Nəcibə Nəsibova Türkiyəyə səfəri çərçivəsində Orta Doğu Texniki Universitetində (ODTÜ) olub. Nəcibə Nəsibova ODTÜ-nün rektorunun vəzifəsini müvəqqəti icra edən prorektoru professor Tülin Gençöz, rektorun müşaviri professor Ömer Delialioğlu, Mühəndislik fakültəsinin dekanı professor Görkem Külah, Kompüter mühəndisliyi kafedrasının müdiri professor Pınar Karagöz və professor-müəllim heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Türkiyə-Azərbaycan Universitetindən məlumat verilib.
Görüşdə ODTÜ-nün tərəfdaşlığı ilə TAU-da həyata keçirilən kompüter mühəndisliyi proqramının tədris imkanlarının genişləndirilməsi, tələbələrin ODTÜ-nün akademik mühitinə daha yaxından inteqrasiyası və universitetin mövcud imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib.
Bu çərçivədə TAU-ya yeni qəbul olunmuş tələbələrin ODTÜ-nün kampusuna tanışlıq səfərlərinin daha məzmunlu təşkili, təcrübə imkanlarının genişləndirilməsi və tələbələrin digər akademik resurslardan daha geniş faydalanması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “çətir universitet” modeli əsasında fəaliyyət göstərən Türkiyə-Azərbaycan Universitetində kompüter mühəndisliyi proqramı Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ) tərəfindən həyata keçirilir. ODTÜ-nün Kompüter mühəndisliyi kafedrası uzun illərdir kompüter elmləri və mühəndisliyi sahəsində təhsil və elmi-tədqiqat fəaliyyəti ilə məşğuldur. Kafedrada dünyanın nüfuzlu universitetlərində təhsil almış, müxtəlif istiqamətlər üzrə elmi araşdırmalar aparan və beynəlxalq layihələrdə fəal iştirak edən 30-dan çox professor-müəllim fəaliyyət göstərir. Kafedranın nəzdində süni intellekt, verilənlərin emalı, kibertəhlükəsizlik, robototexnika, kompüter görməsi və paralel hesablama kimi müasir istiqamətlər üzrə fəaliyyət göstərən ixtisaslaşmış tədqiqat qrupları və laboratoriyalar mövcuddur. Bununla yanaşı, Kompüter mühəndisliyi üzrə bakalavr proqramı beynəlxalq səviyyədə tanınan ABET akkreditasiyasına malikdir. Tədris və elmi-tədqiqat fəaliyyətini dəstəkləyən infrastruktur çərçivəsində 3 kompüter laboratoriyası, yüksək məhsuldarlıqlı hesablama (HPC) klasteri və böyük verilənlərin emalı üçün hesablama serverləri fəaliyyət göstərir.
TAU-nun Kompüter mühəndisliyi proqramında təhsil alan tələbələrə ODTÜ-nün məhz sözügedən professor-müəllim heyəti tərəfindən dərslər tədris olunur. Bununla yanaşı, tələbələr ən son texnologiyalarla təchiz olunmuş müasir laboratoriya infrastrukturundan faydalanmaq imkanı əldə edirlər.