×
A
A
A
Sazlamalar

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Bakı, 8 oktyabr, AZƏRTAC

Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir.
Bunu Bakıda keçirilən XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu çərçivəsində AZƏRTAC-ın müxbiri ilə söhbətində “Cinecon” MMC-nin direktoru Fəxrim Quluzadə deyib. Onun sözlərinə görə, forumdan sonra şirkət təhsil müəssisələrində mühazirə və seminarlar keçirməyi planlaşdırır. Şirkətin artıq təhsil müəssisələrində bu cür məşğələlər keçirməklə bağlı təcrübəsi var və yeni nəsil memarlar üçün bu fəaliyyəti genişləndirmək niyyətindədir.
“Yaşayış və ya ictimai məkanlardan asılı olmayaraq, komfortlu məkanların necə yaradılacağını nə qədər çox memar bilsə, gələcəkdə istehlakçılar olaraq bizim üçün bir o qədər yaxşı olacaq”, - deyə o vurğulayıb. O qeyd edib ki, akustik komfort məkanların keyfiyyətinin mühüm tərkib hissəsidir, lakin səs və vibrasiya izolyasiyasını, eləcə də akustikanı vizual olaraq qiymətləndirmək mümkün deyil, bunu yalnız hiss etmək olar. Akustikanın keyfiyyəti müxtəlif məkanları müqayisə etdikdə xüsusilə hiss olunur. F.Quluzadə buna nümunə olaraq ictimai məkanları göstərib. O bildirib ki, belə məkanlarda səs-küy səviyyəsinin yüksək olması insanların özünü necə hiss etməsinə və həmin məkanda qalmaq istəyinə təsir göstərə bilər.
“Cinecon”un rəhbəri şəhər səs-küyünün azaldılması istiqamətində görülən işlər barədə də danışıb. Qeyd edib ki, bunun üçün mühəndis avadanlıqlarının, o cümlədən transformatorların, generatorların və soyutma sistemlərinin vibroizolyasiyası və səs udulması həllərindən istifadə olunur.
Forumun Bakıda keçirilməsinə toxunan F.Quluzadə bildirib ki, bu miqyasda tədbir ölkəmizdə ilk dəfə keçirilir və forum çərçivəsində yerli mütəxəssislər əlavə məlumat əldə edəcək, faydalı təcrübə mübadiləsi aparacaqlar.

Müxbir – Lalə Minasazova
Fotoqraf – Səfiyar Məcnun

Mədəniyyət 2026-10-08 20:55:00