×
A
A
A
Sazlamalar

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan münasibətlər dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirakı və müntəzəm qarşılıqlı səfərlər əlaqələrin səviyyəsini daha da artırır. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirildi. Azərbaycan Prezidenti görüşdə iştirak etmək üçün Türkmənistana işgüzar səfər etdi. Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır. Son illərdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsi məhz bu reallıqlar fonunda baş verir. Siyasi dialoqun genişlənməsi iqtisadi münasibətləri, nəqliyyat-logistika layihələrini və enerji əməkdaşlığını da hərəkətə gətirir. İkitərəfli münasibətlərlə yanaşı, bu əlaqələr getdikcə daha geniş regional əməkdaşlıq formatında da yeni məzmun qazanır.
Prezident İlham Əliyev 2023-cü ildə Düşənbədə keçirilən 5-ci, 2024-cü ildə isə Astanada keçirilən 6-cı Məşvərət görüşündə fəxri qonaq qismində iştirak və çıxış edib. Bu iştirak Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqa və regional əməkdaşlıq proseslərinə artan marağının göstəricilərindən biri olub. Ötən ilin noyabr ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 7-ci Məşvərət görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə tamhüquqlu iştirakı barədə qərarın qəbul edilməsi münasibətlərin institusional baxımdan yeni mərhələyə keçməsinə şərait yaradıb. Bununla da əvvəllər “C5” formatında olan əməkdaşlıq platforması Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” formatında daha geniş regional məzmun qazanıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə söyləyib. Deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında bir daha diqqəti bu reallıqlara yönəltdi. Bildirdi ki, keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Son illərdə Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib.
Prezident İlham Əliyev çıxışında Türkmənistan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etdi. Bildirdi ki, qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir. Mərkəzi Asiyanın enerji potensialı ilə Azərbaycanın beynəlxalq enerji infrastrukturu arasında əlaqələrin genişləndirilməsi yeni əməkdaşlıq imkanları üçün zəmin formalaşdırır. Nəqliyyat və enerji layihələrinin paralel inkişafı Xəzər üzərindən daha geniş iqtisadi əməkdaşlıq modelinin formalaşmasına şərait yarada bilər. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər nəqliyyat və enerji ilə məhdudlaşmır. Ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi istiqamətlər də əməkdaşlığın gündəliyində mühüm yer tutur. Məşvərət görüşləri çərçivəsində dövlət başçıları arasında keçirilən ikitərəfli görüşlər isə bu istiqamətlər üzrə konkret sazişlərin, memorandumların və birgə layihələrin müzakirəsi üçün əlavə imkan yaradır.
Vüqar Rəhimzadə Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşünə yönəldərək bildirib ki, Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlığa, dostluğa və ortaq dəyərlərə söykənərək, sürətlə inkişaf edir, daha da möhkəmlənir. Son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoq və imzalanan normativ-hüquqi sənədlər əlaqələrin daha da inkişafını şərtləndirir. Bu əlaqələr həm də qlobal aktuallıq kəsb edən məsələləri əhatə edərək, hər iki dövlətin milli maraq və mənafelərinin qorunmasına yönəlib.
“Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın gündəliyi nəqliyyat və enerji layihələrindən başlayaraq ticarət, investisiya, ekologiya, su ehtiyatları, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm və humanitar əlaqələrə qədər geniş spektri əhatə edir. Bu çoxşaxəli yanaşma tərəfdaşlığın yalnız cari iqtisadi maraqlara deyil, həm də uzunmüddətli və dayanıqlı əməkdaşlıq prinsiplərinə əsaslanması üçün imkanlar yaradır”, - deyə deputat fikrini yekunlaşdırıb.

2026-10-08 20:30:00