×
A
A
A
Sazlamalar

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Bakı, 8 oktyabr, AZƏRTAC

Amerikanın aerokosmik şirkəti “Blue Origin” məlumat mərkəzlərinin kosmosda yerləşdirilməsi layihəsi üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bunu şirkətin təsisçisi Ceff Bezos bildirib.
“Blue Origin”in “Sunrise” (“Günəşin doğuşu”) layihəsi üzərində çalışdığını deyən Ceff Bezos ABŞ Federal Rabitə Komissiyasına 50 mindən çox peykin orbitə buraxılması ilə bağlı müraciət etdiklərini bildirib. “Beləliklə, bəli, biz məlumat mərkəzlərini kosmosda yerləşdirə bilərik və bunun üçün ciddi səbəb var. “Blue Origin” bunun üzərində işləyir”, - deyə o, “Fox News” telekanalına müsahibəsində bildirib.
Ceff Bezosun fikrincə, məlumat mərkəzlərinin kosmosa köçürülməsi onların yüksək enerji tələbatı probleminin həllinə kömək edə bilər.
Qeyd edək ki, bundan əvvəl “SpaceX” və “Starcloud” şirkətləri də məlumat mərkəzlərinin kosmosda yerləşdirilməsi ilə bağlı analoji layihələr açıqlayıblar.
“The Wall Street Journal” qəzeti mart ayında yazıb ki, “Blue Origin”in süni intellekt peyklərinin orbitdə yerləşdirilməsi ilə bağlı müraciət etməsi Ceff Bezosun şirkətinin kosmosda məlumat mərkəzlərinin yaradılması yarışına rəsmi şəkildə qoşulduğunu göstərir.

Dünya 2026-10-08 04:16:00