


Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib
Paris, 8 oktyabr, AZƏRTAC
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ABŞ Prezidenti Donald Trampın Fransada lisey şagirdlərinin davam edən etirazları ilə bağlı açıqlamalarına münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, Barronun sözlərinə görə, Fransa ölkədə baş verən hadisələrlə bağlı öz mövqeyini və izahını ortaya qoymalıdır. O qeyd edib ki, həm rəqiblər, həm tərəfdaşlar, həm də digər ölkələr etirazları öz baxışlarına uyğun şəkildə təqdim etməyə çalışırlar.
Donald Tramp sosial media paylaşımında Fransadakı hadisələri “nəzarətsiz kütləvi miqrasiya” və “İslamın ölkəyə nəzarəti ələ keçirmək cəhdi” ilə əlaqələndirib. Barro bu ittihamları təkrarlamayıb və Fransanın hadisələrin “öz hekayəsini” özü formalaşdırmasının vacibliyini vurğulayıb.
Lisey şagirdlərinin sentyabrın sonlarından davam edən etirazları ölkənin müxtəlif bölgələrində məktəblərin bağlanmasına, mindən çox şəxsin saxlanılmasına və şagirdlər, təhsil işçiləri ilə hüquq-mühafizə əməkdaşlarının yaralanmasına səbəb olub. Bəzi aksiyalar zamanı yanğınlar, daş atılması və məktəb binalarına ziyan vurulması da qeydə alınıb.