×
A
A
A
Sazlamalar

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Bakı, 8 oktyabr, AZƏRTAC

Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) silahlı qüvvələri Bab əl-Məndəb boğazının cənubunda ərəb koalisiyası qüvvələrinin mövqelərinə 11 ballistik raket atdıqlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin sözçüsü Yəhya Səriyə bildirib.
Onun sözlərinə görə, zərbələr Səudiyyə Ərəbistanı qüvvələrinin mövqelərinə endirilib. Nəticədə onlarla hərbçinin, o cümlədən komandirlərin öldüyü və yaralandığı, çoxsaylı hərbi texnikanın məhv edildiyi iddia olunur.
Səriyə, həmçinin “Əl-Amalika” qüvvələrinin 13-cü briqadasının mövqeyinə endirilən raket zərbəsi nəticəsində 30-dan çox hərbçinin öldüyünü və yaralandığını bildirib.
Bununla yanaşı, ərəb koalisiyasının nümayəndəsi Türki əl-Maliki Sənada ballistik raketlərin buraxılması üçün istifadə edilən qurğunun məhv edildiyini açıqlayıb.
Qeyd edək ki, Yəməndə husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən dəstəklənən hökumət qüvvələri arasında silahlı qarşıdurma 2014-cü ilin avqustundan davam edir.

Dünya 2026-10-08 00:11:00