


Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq
Bakı, 7 oktyabr, AZƏRTAC
ABŞ Müdafiə Nazirliyi Ukraynada yerləşdirilən “Patriot” hava hücumundan müdafiə sistemlərinin texniki təminatı üçün avadanlıq və xidmətlərin satın alınmasını planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ hökumətinin satınalma portalındakı sənədlərə istinadən “RİA Novosti” məlumat yayıb.
Sənədlərə əsasən, ABŞ Müdafiə Logistika Agentliyi Ukraynadakı “Patriot” sistemlərinin istismar hazırlığının təmin edilməsi üçün texniki xidmət avadanlıqları, ehtiyat hissələri, quraşdırma və iş yerində təlim xidmətləri üzrə təchizatçı axtarır.
Layihənin bir neçə il davam edəcəyi, ilk avadanlıqların müqavilə imzalandıqdan təxminən altı ay sonra çatdırılacağı bildirilir. Əsas avadanlıqların quraşdırılmasının 2030-cu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Müqavilənin rəqabətli tender keçirilmədən “Raytheon” şirkətinə verilməsi nəzərdə tutulur. Sifarişin dəyəri və obyektin dəqiq yeri açıqlanmayıb.