


Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır
Moskva, 6 oktyabr, AZƏRTAC
Oktyabrda Moskvada “Rusiya Energetika Həftəsi” Beynəlxalq Forumu çərçivəsində “3+3” Regional Əməkdaşlıq Platformasının enerji əməkdaşlığı məsələləri üzrə ilk görüşünün keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.
Diplomat format çərçivəsində praktiki əməkdaşlığın genişləndiyini qeyd edib. Onun sözlərinə görə, iyunda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda “3+3” ölkələri ekspertlərinin görüşü keçirilib.
M.Kaluqin, həmçinin platformya daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının keçiriləcəyi yeri Azərbaycan və Ermənistanın müəyyənləşdirməli olduğunu bildirib.
“3+3” platformasına daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının harada keçiriləcəyinə indi Bakı və İrəvan qərar verməlidir. Tərəfdaşlara lazımi dəstəyi göstərməyə hazırıq”, - deyə Rusiya XİN-in nümayəndəsi vurğulayıb.