


Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub
Bakı, 6 oktyabr, AZƏRTAC
Hörmüz boğazından keçən tanker mərmi ilə vurulub və gəminin mühərrik otağında yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Məlumata görə, tankerin kapitanı gəminin naməlum mənşəli mərmi ilə vurulduğunu bildirib. Zərbədən sonra mühərrik otağında yanğın baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır. Ölən və ya xəsarət alanlar, həmçinin ətraf mühitə ziyan dəyməsi barədə məlumat yoxdur.
UKMTO gəmilərə Hörmüz boğazında ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə quruma məlumat verməyi tövsiyə edib.