


Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib
London, 6 oktyabr, AZƏRTAC
Böyük Britaniya Baş nazirinin ofisi ABŞ-nin bütün bombardmançı təyyarələrini “RAF Fairford” hərbi bazasından çıxarmasından sonra bazanın təhlükəsiz olduğunu bildirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Pentaqon bazada yerləşdirildiyi güman edilən təxminən 12 ədəd B-1 bombardmançı təyyarəsinin bazar günü ABŞ-dəki daimi dislokasiya məntəqələrinə qaytarıldığını təsdiqləyib. ABŞ mediasının məlumatına görə, bombardmançıların çıxarılmasına yeni təhlükə səbəb olub. Bu qərar sentyabrın 27-də hərbi bazanın yaxınlığında üç şübhəli avtomobil barədə polisə məlumat verilməsindən sonra qəbul olunub.
Böyük Britaniya Baş nazirinin ofisinin sözçüsü xarici dövlətlərin hərbi əməliyyatları ilə bağlı şərh verməyəcəyini bildirib, lakin “RAF Fairford” bazasının təhlükəsiz olduğunu vurğulayıb. Sözçü, həmçinin ABŞ Prezidenti Donald Trampın ötən həftə baza ilə bağlı Britaniya polisi, müdafiə və təhlükəsizlik xidmətlərinin fəaliyyətini yüksək qiymətləndirdiyini xatırladıb.