


Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
Lənkəran, 5 oktyabr, AZƏRTAC
Lənkəranda idarəetmədən çıxan yük avtomobili əvvəlcə elektrik dirəklərinə çırpılıb, daha sonra kanala aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran–Boradigah–Masallı yolunun Lənkəran rayonunun Cil kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Cəlilabad rayon sakini Şirin Mirzəyev idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik dirəklərinə çırpılıb və daha sonra kanala aşıb.
Qəza nəticəsində Cil kəndi və Şağlaser kəndinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.
Avtomobilin kanaldan çıxarılması ilə əlaqədar Lənkəran–Boradigah magistral yolunda hərəkət bir neçə saat qismən məhdudlaşdırılıb. Bu isə yolda nəqliyyat sıxlığının yaranmasına səbəb olub.
İlkin ehtimala görə, qəzanın baş verməsinə yağışlı hava şəraiti təsir edib.
Hadisə nəticəsində sürücü xəsarət almayıb. Avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.