×
A
A
A
Sazlamalar

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Şəki, 5 oktyabr, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar mərkəzin foyesində Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də dünyasını dəyişmiş təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova əlamətdar gün münasibətilə hər kəsi təbrik edib, onlara xoş arzularını çatdırıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev hər zaman müəllim əməyini yüksək qiymətləndirib, müəllimlərə hörmət və ehtiramla yanaşıb. Müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov da çıxışında müəllim peşəsinin yüksək dəyərlərindən, müəllimlərin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolundan bəhs edib. O, müəllim əməyinin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb və təhsil işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Təltif olunan təhsil işçiləri göstərilən diqqətə və yüksək dəyərə görə təşəkkürlərini ifadə edib, bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacaqlarını bildiriblər.
Daha sonra təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup təhsil işçisinə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə verilmiş “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı, Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Fəxri fərmanı və ETİHİ tərəfindən hədiyyələr təqdim olunub.
Tədbir şagirdlərin ifasında müəllim peşəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla davam edib.

Müxbir - Rasim İslamoğlu

Regionlar 2026-10-05 22:54:00