


Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
Şəki, 5 oktyabr, AZƏRTAC
V Şəki Beynəlxalq Teatr Festivalı teatrsevərləri və şəhərin qonaqlarını bir-birindən maraqlı tamaşalarla sevindirməkdə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın növbəti günündə İran İslam Respublikasının Ərdəbil Moqan Honar Teatrının iranlı dramaturq Arif Məhtabın müəllifi olduğu “İçimdə bir Araz addımlayır” tamaşası nümayiş olunub.
Səhnə əsərində gənc qadının həsrəti və gözləntisi, kişinin vətəninə qayıdana qədər illərlə çəkdiyi əziyyət və onların qovuşa bilməməsi təsvir olunur.
Tamaşanın quruluşçu rejissoru Qərib Mənuçehri, musiqi tərtibatçısı Yaşar Haşimi, səhnə və işıqlandırma tərtibatçısı İsmayıl İbrahimidir.
Səhnə əsərində rolları Davər Fərmani və Nəstərən Əkbərzadə oynayıblar.
Ərdəbil Moqan Honar Teatrının uğurlu çıxışından sonra kollektivə Şəki Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi, festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.
Müxbir - Rasim İslamoğlu