×
A
A
A
Sazlamalar

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin dördüncü turunda Norveçi 2:1 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqəni təmin edib.
AZƏRTAC xəbər verir ki, Portuqaliya yığmasının heyətində qolları Joao Kanselo (38-ci dəqiqə) və Qonsalo Ramos (79) vurub. Norveçin yeganə qoluna isə Kristoffer Ayer (36) imza atıb. Portuqaliyalı Fransisku Konseysao 86-cı dəqiqədə meydandan qovulub.
Bu qələbədən sonra 12 xala çatan Portuqaliya 4-cü qrupda liderliyini qoruyub və dörddəbir finala yüksələn ilk komanda olub. Norveç 3 xalla sonuncu pillədədir. Danimarka 6 xalla ikinci, Uels isə 3 xalla üçüncü yerdə qərarlaşıb.
Növbəti turda Portuqaliya noyabrın 14-də Danimarkanı qəbul edəcək. Eyni gün Norveç Uelslə qarşılaşacaq.
Qeyd edək ki, Elit Divizionun hər qrupunda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanır.

İdman 2026-10-05 01:16:00