


Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb
Cəbrayıl, 4 oktyabr, AZƏRTAC
Bu gün Cəbrayıl Şəhəri Günü münasibətilə müxtəlif mədəni tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumi təhsil məktəbində təşkil olunub.
Proqram çərçivəsində əvvəlcə uşaqlar üçün “Səyyar Kukla Teatrı”nın təqdimatında əyləncəli və maarifləndirici tamaşa nümayiş etdirilib. Uşaqlar həm kukla teatrını izləyiblər, həm də müxtəlif sualları cavablandırıblar. Daha sonra azyaşlılar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib.
Günün proqramı konsertlə davam edib. Öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi anılıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistlərinin və rəqs ansamblının iştirak etdiyi konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar səsləndirilib, milli rəqslər təqdim olunub.
Tədbirlər Cəbrayıl şəhərinin tarixi-mədəni irsinin təbliği, uşaqların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və şəhərin mədəni həyatının canlandırılması məqsədinə xidmət edib.
Müxbir - Aydın Yavərzadə