


Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq
Bakı, 3 oktyabr, AZƏRTAC
Ordubadın təbiəti özünəməxsus və maraqlıdır. Burada yaşayan insanların məsuliyyətli, dəqiq və öz dəyərlərinə bağlı olması xüsusilə diqqət çəkir. Onların bir-biri ilə münasibətində, ünsiyyətində, eləcə də Ordubadın tarixi və mədəniyyəti haqqında bilgilərində Azərbaycanın zəngin keçmişini görmək mümkündür. Bu, əlbəttə ki, bizim üçün çox böyük dəyərdir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti, professor, "Cənnətin iqamətgahı" filminin bəstəkarı Siyavuş Kərimi deyib.
O bildirib ki, Azərbaycanın bütün bölgələri haqqında filmlər çəkilməli, onların tarixi, mədəniyyəti, təbiəti və insanları daha geniş auditoriyaya təqdim olunmalıdır.
Siyavuş Kərimi “Cənnətin iqamətgahı” filminin yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da təqdim olunacağına ümidvar olduğunu bildirib.
"Mən həm filmin yaradıcı heyətini, həm də bu layihəyə böyük həvəslə dəstək verən Ordubad sakinlərini təbrik etmək istəyirəm. Onların filmə canla-başla qoşulması, öz doğma yurdlarının tarixini və mədəniyyətini böyük sevgi ilə təqdim etməsi insanı, həqiqətən də, ruhlandırır", - deyə o qeyd edib.
Müxbir - Gülay Nəzərova