


Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
Şəki, 3 oktyabr, AZƏRTAC
V Şəki Beynəlxalq Teatr Festivalının növbəti qonağı Qazaxıstanın Nartay Bekejanov adına Qızılorda Vilayət Qazax Akademik Musiqili Dram Teatrı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazaxıstandan gələn aktyorlar rus dramaturqu Aleksandr Ostrovskinin “Tufan” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim ediblər. Səhnə əsərində daxili mübarizə, ağrı və cəmiyyətin yaratdığı buxovlardan azad olmaq istəyən qadının hekayəsi əks olunur.
Tamaşanın quruluşçu rejissoru Dina Jumabayeva, quruluşçu rəssamı Aynur Esbolatova, bəstəkarı NursultanTöreəlidir.
Tamaşada rolları Qazaxıstanın Əməkdar xadimi Zalipa Tulepova, Əməkdar mədəniyyət işçisi Uğım Baymaxanov, aktyorlar Sanat Juzbay, Bayan Kali, Jauhar Yerkinova, Əzidolla Əzimtay, Nurseyit Sızdıkbayev, Sultanbek Bissenaliyev, Askar Orazaliyev, Janil Raxmetova canlandırıblar.
Teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşanın sonunda kollektivə Şəki Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi, festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.
Müxbir - Rasim İslamoğlu