


Qaraçöplü soydaşımızın uğuru
Tbilisi, 3 oktyabr, AZƏRTAC
Gürcüstanın Qaraçöp mahalında dünyaya göz açan soydaşımız Sənan Şeyriyev qazandığı uğuru ilə hər bir kəsi qürurlandırıb.
AZƏRTAC xəbər verir ki, orta təhsilini Saqareco bələdiyyəsinin Düzəyrəm kənd məktəbində başa vuran Sənan müəllimi Taleh Paşayevin rəhbərliyi ilə keçdiyi 2 illik sıx və planlı hazırlıq mərhələsinin bəhrəsini gördü.
Sistemli zəhmət sayəsində o, "Duolingo English Test" imtahanını müvəffəqiyyətlə verib. İngilis və gürcü dillərini mükəmməl mənimsəyən Sənan müxtəlif elmi layihələrdə və olimpiadalarda da fəal iştirakı ilə seçilib.
Bu il Baltik ölkələri regionunun nüfuzlu təhsil ocaqlarından biri olan — Latviyanın süni intellekt, texnologiya və iqtisadiyyat sahəsində məşhur olan EKA Universitetinə (Ekonomikas un kultūras augstskola) qəbul olub. Hazırda təhsilini Rigada Eka Universitetində davam edir.
Sənanın bu il qazandığı böyük nailiyyət, böyük xəyallarla yaşayan bütün Qaraçöp gəncliyi üçün parlaq bir ilham mənbəyidir.
Zəhməti və iradəsi ilə istənilən zirvənin fəth oluna biləcəyini sübut edən gəncimizə təhsilində və gələcək karyerasında bol uğurlar arzulayırıq.