×
A
A
A
Sazlamalar

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də “Elektra Events Hall” konsert zalında XXI Bakı Caz Festivalının təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalın ilk günündə tanınmış azərbaycanlı caz ifaçıları – Bakı Caz Festivalının təsisçisi, saksofonçu Rain Sultanov Qara Qarayev adına Dövlət Kamera Orkestri ilə birlikdə və pianoçu İsfar Sarabski səhnəyə çıxıblar. Həmçinin tədbirdə Fransadan gələn “FR33 ROOTS” qrupu da iştirak edib.
Bundan əlavə, yalnız Azərbaycan cazını yayımlayan və yaxın vaxtlarda fəaliyyətə başlamış yeni onlayn caz radiosunun təqdimatı keçirilib.
R.Sultanov AZƏRTAC-ın müxbiri ilə söhbətində təəssüratlarını bölüşüb.

“Mən ilk festivalımızı xatırlayıram – 21 il əvvəl olub... Bu neçə il ərzində əməkdaşlıq etdiyimiz musiqiçilərlə əlaqələrimizi qoruyub saxladığımız üçün xoşbəxtəm. Bu müddətdə o qədər hadisələr baş verib ki, bu barədə kitab yazmaq olar – hətta bir kitab yox, çoxcildlik əsər”, – deyə o bildirib.
XXI Bakı Caz Festivalı oktyabrın 3-dən 11-dək Bakıda və şəhərdən kənarda keçiriləcək. Bu il festivalda 12-dən çox ölkədən sənətçilər iştirak edir. Caz həvəskarlarını maraqlı konsertlər, film nümayişləri və cem-seyşnlər gözləyir. Festivalın son iki günü açıq havada – İçərişəhərdə, Qız qalasının yaxınlığında keçiriləcək. Açıq hava konsertlərinə giriş sərbəstdir.

Müəllif – Anara Axundova
Foto – Tofiq Babayev

Mədəniyyət 2026-10-03 21:23:00