×
A
A
A
Sazlamalar

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Bakı, 3 oktyabr, AZƏRTAC

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri müstəqil Azərbaycan tarixində mühüm siyasi əhəmiyyətə malik hadisədir. Müstəqilliyinin ilk illərində ciddi siyasi, iqtisadi böhranla üzləşən ölkəmiz böyük uçurumla üz-üzə idi. Xalqımız böyük müdriklik nümayiş etdirərək, dahi şəxsiyyət Heydər Əliyevi siyasi hakimiyyətə gətirdi. Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi ölkənin sonrakı siyasi və iqtisadi inkişafı üçün mühüm zəmin yaratdı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
“Müstəqilliyin ilk illəri Azərbaycan üçün olduqca mürəkkəb dövr idi. Ermənistanla müharibə, ərazilərin işğalı, ölkə daxilində siyasi qarşıdurmalar və ağır sosial-iqtisadi vəziyyət dövlətçiliyimizin gələcəyi üçün ciddi təhdidlər yaradırdı. 1993-cü ilin iyununda Ulu Öndərin Bakıya qayıdışı və həmin il oktyabrın 3-də Prezident seçilməsi ilə Azərbaycanın inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Ölkədə dövlət idarəçiliyi mexanizmləri formalaşdırıldı, qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısı alındı, ordu quruculuğuna, iqtisadi və siyasi islahatlara başlanıldı. Sistemli şəkildə atılan addımlar nəticəsində ölkəmiz qarşılaşdığı böhrandan üzüağ çıxdı, tərəqqi yoluna qədəm qoydu”, - deyə Şahin İsmayılov bildirib.
1995-ci ildə ümumxalq səsverməsi ilə ilk milli Konstitusiyanın qəbul edilməsinin önəmindən bəhs edən Şahin İsmayılov qeyd edib ki, Konstitusiyada demokratik, hüquqi və dünyəvi dövlət prinsiplərinin təsbit edilməsi dövlət institutlarının fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirdi. “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq”, - deyən Ulu Öndər müstəqil Azərbaycanın dövlət quruculuğu konsepsiyasının əsas istiqamətlərini müəyyənləşdirdi.
Siyasi sabitliyin təmin edilməsinin iqtisadi inkişaf üçün də yeni imkanlar yaratdığını söyləyən komitə sədri bildirib ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması, xarici investisiyaların cəlb edilməsi və dünya iqtisadiyyatına inteqrasiyası baxımından mühüm hadisə oldu. Sonrakı illərdə həyata keçirilən enerji və nəqliyyat layihələri ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə şərait yaratdı.
“Dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərləri azərbaycançılıq anlayışının tərkib hissəsi kimi qiymətləndirən Ümummilli Liderimizin fəaliyyətində azərbaycançılıq ideologiyasının formalaşdırılması da xüsusi yer tuturdu. Milli-mənəvi dəyərlərin qorunması, ana dilinin inkişafı və dünya azərbaycanlılarının həmrəyliyi bu ideologiyanın əsas istiqamətlərini təşkil edirdi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi”, - deyə Şahin İsmayılov vurğulayıb.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğunlaşdırılmaqla uğurla davam etdirildiyini söyləyən komitə sədri ötən illər ərzində müstəqilliyimizin əsaslarının daha da gücləndirildiyini, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirildiyinin, ölkəmizdə sosial-iqtisadi tərəqqiyə nail olunduğunu, xalqın rifahının yüksəldiyini vurğulayıb.
“Ümummilli Liderin siyasi irsinin əhəmiyyəti, həmçinin Azərbaycanın uzunmüddətli inkişafını təmin edən siyasi, iqtisadi və ideoloji əsasların formalaşdırılması ilə bağlıdır. Ulu Öndər müdrik və ölçülüb-biçilmiş qərarları, qətiyyətli mövqeyi, zəngin dövlətçilik təcrübəsi ilə ölkənin mövcud problemlərinin həllini gələcək inkişaf hədəfləri ilə əlaqələndirən dövlətçilik modeli yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən dövrdə keçdiyi inkişaf yolu, qazandığı uğurlar, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Ulu Öndərin siyasi irsinin tarixi əhəmiyyətinin əyani təsdiqidir”, – deyə komitə sədri qeyd edib.

2026-10-03 00:24:00