


“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb
Bakı, 2 oktyabr, AZƏRTAC
İran sanksiyaların yumşaldılması müqabilində beynəlxalq müfəttişlərin zərbələrə məruz qalan nüvə obyektlərinə girişini bərpa etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi bu məsələni Nyu-Yorkda Avropa və Yaxın Şərq diplomatları ilə qapalı görüşlərdə müzakirə edib.
Agentlik qeyd edir ki, müfəttişlərin obyektlərə girişinə icazə verilməsi Tehranın ABŞ ilə nüvə danışıqlarında yaranmış dalandan çıxmasına kömək edə biləcək mümkün güzəşt kimi qiymətləndirilir.