


Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər
Berlin, 2 oktyabr, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts, Niderlandın Baş naziri Rob Yetten və NATO-nun Baş katibi Mark Rutte Almaniyanın Münster şəhərində Birinci Alman-Niderland Korpusuna baş çəkərək Avropanın təhlükəsizliyi və Rusiyanın getdikcə artan hibrid təhdidlərinə qarşı vahid mövqe nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, görüşdə müstəqil Avropanın NATO daxilində məsuliyyətini artırmalı olduğunu vurğulayan Kansler Fridrix Merts bildirib: “Biz NATO-nu daha çox avropalı edirik ki, o, transatlantik olaraq qala bilsin”. Kansler Rusiya-Ukraynaya müharibəsi fonunda NATO-nun Şərq cinahının müdafiəsinin Avropanın gələcəyi üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.
Niderlandın Baş naziri Rob Yetten iki ölkə arasında 30 ildən artıq davam edən hərbi əməkdaşlığı yüksək qiymətləndirərək, birgə müdafiə sənayesi layihələrinin və hava hücumundan müdafiə sistemlərinin istehsalının Avropanın təhlükəsizlik arxitekturasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
NATO-nun təltif olunduğu Vestfaliya Sülh Mükafatını qəbul edən Alyansın Baş katibi Mark Rutte isə hərbi korpusun müttəfiqlər arasında inteqrasiyanın mükəmməl nümunəsi olduğunu vurğulayaraq bildirib: “Bizim komandamız və resurslarımız Alyansın ərazisinin hər bir santimetrini qorumağa və hər cür çağırışa cavab verməyə tam hazırdır. Birgə fəaliyyət bizim əsas gücümüzdür”. O, NATO-dakı müttəfiqlərin müdafiəyə investisiyalar yatırmasının və Ukraynaya dəstəyi davam etdirməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, 1995-ci ildə yaradılan Alman-Niderland Korpusunda 14 ölkənin hərbi qulluqçuları xidmət edir. Korpusun tərkibindəki qüvvələrin ümumi sayı təxminən 1100 nəfərdir, lakin missiyadan asılı olaraq onun sıralarında 80 minədək hərbçi cəmləşdirilə bilər.