


ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin moderatorluğu ilə “Bilikdən texnologiyaya: universitet–müdafiə sənayesi əməkdaşlığının gələcəyi” mövzusunda akademik sessiya təşkil olunub.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.
Bildirilib ki, tədbirdə müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, həmçinin BDU, ADNSU, BANM, Gebze Texniki Universiteti, Ege Universiteti və Milli Aviasiya Akademiyasının rəhbər şəxsləri iştirak ediblər.
Sessiyada ali təhsil müəssisələrində universitet-sənaye əməkdaşlığı istiqamətində görülən işlər müzakirə olunub, müdafiə sənayesinin inkişafında elmi-tədqiqat fəaliyyətinin və kadr hazırlığının rolu vurğulanıb. Çıxışlarda elmi araşdırmaların real sənaye layihələrinə transformasiyası və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Bildirilib ki, elmi potensialın texnoloji həllərə çevrilməsi müdafiə sənayesinin dayanıqlı inkişafına mühüm töhfə verəcək. Tədbir sual-cavab sessiyası ilə başa çatıb.