×
A
A
A
Sazlamalar

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

Paris, 1 oktyabr, AZƏRTAC

Fransa 2027-ci ildə maliyyə bazarlarından rekord həcmdə – 340 milyard avro borc cəlb etməyi planlaşdırır. Ölkənin dövlət borcunu və xəzinəsini idarə edən “France Trésor” qurumunun məlumatına görə, bu rəqəm 2026-cı illə müqayisədə 28 milyard avro çoxdur.
AZƏRTAC xəbər verir ki, vəsaitin əsas hissəsi artan dövlət borcunun maliyyələşdirilməsinə sərf olunacaq.
Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (Insee) proqnozuna əsasən, Fransanın dövlət borcu 2026-cı ildə ÜDM-in 119 faizini təşkil edəcəksə, 2027-ci ildə bu göstərici 122 faizə yüksələ bilər.
Fransa hazırda təxminən 5 faiz dərəcə ilə borclanır ki, bu da avrozonada ən yüksək göstəricilərdən biridir. Müqayisə üçün, əsas göstərici hesab olunan Almaniyanın borclanma dərəcəsi təxminən 3,5 faiz təşkil edir. Yüksək faizlər dövlətə əlavə maliyyə yükü yaradır. Borcun qaytarılmasının bahalaşması büdcə kəsirini artırır, bu da öz növbəsində borclanma xərclərini daha da yüksəldir.
Bununla belə, Fransa hələlik maliyyə bazarlarında istiqrazlarına alıcı tapmaqda çətinlik çəkmir. İqtisadiyyat naziri Roland Lekür bildirib ki, dövlət qiymətli kağızlarına bazarda tələbat qalmaqdadır.

Dünya 2026-10-01 00:12:00