


“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
Bakı, 1 oktyabr, AZƏRTAC
Sentyabrın 30-da Bakı şəhərində “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin (İB) yaradılmasının 5-ci ildönümü münasibətilə yeni ofisinin təntənəli açılışı keçirilib.
Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Bakı şəhərində ucaldılmış Dədə Ələsgərin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, ustad aşıq-şairin xatirəsini ehtiramla yad ediblər. Qeyd olunub ki, sentyabrın 30-u eyni zamanda Dədə Ələsgərin Bakı şəhərində ucaldılmış abidəsinin açılışından iki il ötdüyü gündür.
Açılış mərasimi İctimai Birliyin Bülbül prospekti 18 ünvanında yerləşən yeni ofisində davam edib. Çıxış edənlər dövlət səviyyəsində aşıq sənətinə və milli-mədəni irsimizə göstərilən diqqət nəticəsində təşkilatın yeni məkanla təmin olunmasını yüksək qiymətləndiriblər.
Tədbirdə İctimai Birliyin 5 illik fəaliyyət hesabatı diqqətə çatdırılıb. Bildirilib ki, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan aşıq sənətinin, xüsusilə Dədə Ələsgər irsinin qorunması, araşdırılması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirib.
Qeyd olunub ki, beş il ərzində İctimai Birlik tərəfindən 70-dən artıq tədbir və layihə həyata keçirilib. Bu tədbirlər çərçivəsində Dədə Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş elmi-ədəbi görüşlər, yubiley və anım tədbirləri, kitab təqdimatları, mədəni tədbirlər, aşıq sənətinin müxtəlif istiqamətlərinə həsr olunmuş görüşlər və maarifləndirici layihələr təşkil edilib.
Eyni zamanda Dədə Ələsgərin yaradıcılığı və zəngin irsi ilə bağlı çoxsaylı kitabların hazırlanması və nəşr olunması xüsusi qeyd edilib. Bildirilib ki, bu nəşrlər Dədə Ələsgər irsinin daha dərindən öyrənilməsi, onun fəlsəfi və poetik dünyasının araşdırılması, eləcə də geniş oxucu auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, Dədə Ələsgərin irsi yalnız ədəbi-bədii yaradıcılıq nümunəsi deyil, eyni zamanda xalqımızın tarixini, mənəvi dəyərlərini, dünyagörüşünü və həyat fəlsəfəsini özündə yaşadan zəngin milli-mədəni sərvətdir. Bu irsin qorunması, tədqiq edilməsi və gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdən biridir.
Tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri də təqdim olunub.
Tədbirdə İctimai Birliyin sədri Xətai Ələsgərli, eləcə də tanınmış alimlər, ziyalılar və ictimaiyyət nümayəndələri çıxış edərək təşkilatın 5 illik fəaliyyətini yüksək qiymətləndirərək, yeni ofisin aşıq sənətinin, ustad-şəyird ənənələrinin qorunması və milli-mədəni irsimizin təbliği istiqamətində mühüm mədəniyyət və fikir məkanına çevriləcəyinə əminliklərini bildiriblər.