


Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
Bakı, 30 sentyabr, AZƏRTAC
Zirehli texnika, pilotsuz sistemlər, müasir avadanlıqlar... Burada onların hər biri özlüyündə bir texnologiya, bütövlükdə isə böyük bir müdafiə sənayesinin görüntüsüdür.
AZƏRTAC xəbər verir ki, həmin görüntünün ünvanı Bakı Ekspo Mərkəzidir.
Burada texnikanın nümayiş olunduğu adi bir sərgidən daha böyük mənzərə var — Azərbaycanın müdafiə sənayesi və hərbi-texniki imkanları beynəlxalq auditoriyaya təqdim olunur.
Söhbət “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisindən gedir.
Lakin Bakı Ekspo Mərkəzində bu gün nümayiş olunan yalnız müdafiə sənayesi deyil. “ADEX”lə paralel olaraq artıq 15-ci dəfə keçirilən “Securex Caspian” sərgisi də öz qapılarını açıb. Burada isə diqqət təhlükəsizlik və mühafizə sistemlərinə, xilasetmə vasitələrinə və fövqəladə halların idarə olunması sahəsində qabaqcıl texnologiyalara yönəlib.
“ADEX” və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir. Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Ukrayna və digərləri yer alır.
Beləliklə, eyni məkanda iki fərqli istiqamət, amma bir ortaq xətt — müasir texnologiyalar.
Həmin mənzərə ilə tanış olmaq istəyənlər üçün sərgi açıqdır. Oktyabrın 2-dək vətəndaşlar Bakı Ekspo Mərkəzinə gələrək nümayiş olunan texnika və avadanlıqlara yaxından baxa bilərlər.