


"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
Bakı, 30 sentyabr, AZƏRTAC
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində cavab oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Estoniyada "Parnu" komandasının qonağı olub. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 73:61.
İki oyunun nəticəsinə əsasən estonları 141:140 hesabı ilə məğlub edən "Neftçi" adını Avropa Kubokunun əsas mərhələsinə yazdırıb.
Komanda əsas mərhələnin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.