


Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
Paris, 30 sentyabr, AZƏRTAC
Fransada qazlı içkilərə tətbiq edilən vergidən sonra şəkərli qida məhsullarına da yeni vergi qoyulması gündəmə gəlib. Hökumətin məqsədi həm şəkər istehlakını azaltmaq, həm də 2027-ci ildən dövlət büdcəsinə ən azı 200 milyon avro əlavə gəlir təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, yeni vergi tort, şokolad pastası və digər şəkərli məhsullara şamil olunacaq. Məhsulun tərkibində şəkərin miqdarı artdıqca, şirkətlərin ödəyəcəyi vergi də yüksələcək.
Xatırladaq ki, qazlı içkilər üçün tətbiq olunan verginin 2026-cı ildə büdcəyə təxminən 1 milyard avro gətirəcəyi gözlənilir. Lakin iqtisadçılar hesab edirlər ki, bu cür tədbirlər istehlakçların vərdişlərini köklü şəkildə dəyişməyib.
Qida sənayesi nümayəndələri isə yeni verginin əsas yükünün əhalinin aztəminatlı təbəqəsinin üzərinə düşəcəyindən ehtiyat edirlər. Hökumət hələlik yekun qərar qəbul edilmədiyini, məsələnin Nazirlər Şurasında müzakirə olunacağını bildirir.