


Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Kolumbiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə İçərişəhərdə “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” adlı əl işləri sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo çıxış edərək sərginin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Qeyd olunub ki, sərgidə Kolumbiyanın cənubundakı Narinyo regionuna məxsus ənənəvi “tamo” sənəti təqdim edilir.
“Tamo” XVI əsrdə Kolumbiyanın cənubunda yaranmış saman mozaikası sənətidir. Bu texnikada buğda və arpa biçildikdən sonra qalan gövdələrdən əldə edilən təbii liflər müxtəlif rənglərə boyanaraq ağac məmulatlarının üzərində dekorativ naxışlar yaradılmasında istifadə olunur.
Sənətkar Daniel de la Krus çıxışında “tamo” texnikasının hazırlanma mərhələləri barədə məlumat verib. O bu sənətin böyük səbir və zəhmət tələb etdiyini vurğulayaraq ənənəvi Narinyo sənətkarlıq texnikasını Azərbaycanda təqdim etməkdən qürur duyduğunu qeyd edib.
Sərgidə Daniel de la Krusun “tamo” texnikası ilə hazırladığı müxtəlif əl işləri nümayiş olunub.
Tədbir çərçivəsində azərbaycanlı gənc sənətkarlar üçün “tamo” sənəti üzrə ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur.