×
A
A
A
Sazlamalar

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Qahirə, 30 sentyabr, AZƏRTAC

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.
AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, Yaponiyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, qərar Suriyadakı son inkişaf tendensiyası və iki ölkə arasındakı ikitərəfli münasibətlər nəzərə alınaraq qəbul edilib. Qərarın sentyabrın 29-da nazirliyin müvafiq bildirişi ilə qüvvəyə mindiyi qeyd olunub.
Məhdudiyyətləri aradan qaldırılan qurumlar arasında “Syriatel” şirkəti, Hərbi Mənzil Təşkilatı, Daşınmaz Əmlak Bankı, Siyasi Təhlükəsizlik İdarəsi, Suriya Kommersiya Bankı, Suriya-Livan Kommersiya Bankı, Baş Neft Korporasiyası, Suriya Neft Şirkəti, Baş Radio və Televiziya Təşkilatı, Suriya Beynəlxalq İslam Bankı, Müdafiə və Daxili İşlər nazirlikləri, Pambıq Marketinq Təşkilatı və “Mahruqat” yanacaq şirkəti və başqaları yer alır.
Bununla yanaşı, Yaponiya Suriyada 59 fiziki şəxsə və onlarla əlaqəli 15 quruma qarşı tətbiq olunan sanksiyaları qüvvədə saxlayıb. Sanksiya siyahısında Suriyanın sabiq prezidenti Bəşşar Əsəd də var.
Yaponiya qanunvericiliyinə əsasən, sanksiya siyahısında olan fiziki və hüquqi şəxslərlə bağlı ödəniş və maliyyə köçürmələrinin həyata keçirilməsi üçün ölkənin Maliyyə Nazirliyi, habelə İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən əvvəlcədən icazə alınması tələb olunur.
Qeyd edək ki, Yaponiya 2011-ci ildən etibarən Suriyadakı hadisələrlə əlaqədar bir sıra suriyalı qurumların aktivlərinin dondurulması və digər məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
2025-ci il mayın 30-da isə Yaponiya dörd Suriya bankının – Sənaye Bankı, Xalq Kredit Bankı, Əmanət Bankı və Kənd Təsərrüfatı Kooperativ Bankının aktivlərinin dondurulması ilə bağlı tədbirləri ləğv edib.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2026-09-30 00:20:00