


“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti
Bakı, 29 sentyabr, AZƏRTAC
“Töhfətül-İraqeyn” həm Xaqani Şirvani yaradıcılığının, həm də Azərbaycan klassik ədəbiyyatının ən mühüm əsərlərindən biridir. Əsər şairin İraq səfəri ilə bağlı təəssüratlarını, müşahidələrini, düşüncələrini və həyat təcrübəsini əks etdirir.
Bunu AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Zeynalova deyib.
O diqqətə çatdırıb ki, əsərin mühüm xüsusiyyətlərindən biri onun səyahətnamə, memuar və fəlsəfi-poetik düşüncələri birləşdirməsidir.
Dosent Xaqaninin gördüyü şəhərləri, insanları və mədəni mühiti təsvir etməklə yanaşı, həmin müşahidələr əsasında öz düşüncələrini qələmə aldığını, ailəsindən, həyatından bəhs etdiyini deyib: “Bəzi əlyazmalarda 6, bəzilərində isə 7 məqalədən ibarət olan bu əsərin hər məqaləsinin əvvəlində verilən Günəşə xitab isə xüsusi rəmzi məna daşıyır. Niderlandlı şərqşünas alim Beelaert bu əsər haqqında yazdığı monoqrafiyanı “Dərdlilər üçün şəfa” adlandırıb. Alim buradakı şikayət xarakterli beytləri Nizaminin “Leyli və Məcnun” əsərindən Məcnunun şikayətləri ilə müqayisə edib. Yəni əsərdə maraqlı cəhətlər çoxdur. Təəssüf ki, nə əsərin özü, nə də müqəddiməsi tam şəkildə dilimizə bu günə qədər tərcümə olunmayıb.
Şairin “Seçilmiş əsərləri”ndəki tərcümənin müəllifi Azərbaycan ədəbiyyatında Xaqanişünaslığın əsasını qoyanlardan olan Məmmədağa Sultanovdur. Amma bu tərcümə əsərin, ən yaxşı halda yarısı ola bilər, eləcə də xətalardan xali deyil”.