


Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir
Berlin, 29 sentyabr, AZƏRTAC
Qazaxıstan Avropa ilə Asiyanın kəsişməsində yerləşən nəhəng bir ölkədir. Biz bu coğrafi xüsusiyyətimizi Avrasiya iqtisadi əlaqələrinin möhkəmlənməsinə töhfə verən mühüm amil hesab edirik. Bu baxımdan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu, yəni Orta Dəhliz böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Qazaxıstan bu dəhliz vasitəsilə yük daşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Berlində Almaniya Kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Növbəti vəzifənin Orta Dəhlizi Avropa nəqliyyat sistemi ilə effektiv şəkildə inteqrasiya etmək olduğunu vurğulayan Qazaxıstan Prezidenti Almaniya şirkətlərini logistika layihələrini fəal şəkildə həyata keçirməyə çağırdığını bildirib. “Aktau limanındakı “Rhenus” şirkətinin nəqliyyat və logistika terminalı bu istiqamətdə mühüm layihəyə çevrilə bilər. Biz, həmçinin Qazaxıstan Dəmir Yolu və Alman Dəmir Yolları şirkətlər qrupunun inteqrasiyasını gücləndirməkdə maraqlıyıq. Bu məqsədlə konkret layihələr həyata keçirməyi planlaşdırırıq”, - deyə Prezident qeyd edib.