


Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik
Bakı, 28 sentyabr, AZƏRTAC
“Loqos” Psixoloji və Nitq Mərkəzi olaraq uzun illərdir psixoloji və loqopedik dəstək göstəririk. Bu müddət ərzində uşaqlara və gənc qızlara dəstək olmuş, onların təhsilinə, gələcəkdə işlə təmin olunmasına, ailə münasibətlərinin möhkəmləndirilməsinə və sağlam psixoloji durumunun formalaşmasına töhfə verməyə çalışmışıq.
Bunu AZƏRTAC-a açıqlamasında “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nın təsisçisi Təranə Paşayeva bildirib.
O qeyd edib ki, fəaliyyətləri dövründə hər zaman dəstəyə ehtiyacı olan, lakin xidmətlərlə tam əhatə edə bilmədikləri bir yaş qrupu olub. Qadınlar üçün yaradılan “Loqos Qadın Uzunömürlülük Rezidensiyası” da məhz bu ehtiyacdan irəli gəlib. Layihənin əsas məqsədi qadınlara ehtiyac duyduqları qayğı və dəstəyi göstərmək, onların özlərini rahat və təhlükəsiz hiss edə biləcəkləri mühit yaratmaqdır.
“Qənirə xanım Paşayeva daim insanlara dəstək göstərən, xeyirxahlığı və yardımsevərliyi ilə seçilən insan idi. Mən onun bu xeyirxah əməllərinin davam etdirilməsini istəyirdim. Bu baxımdan rezidensiyanın yaradılması və burada Qənirə xanımın xatirəsinin yaşadılması bizim üçün xüsusi əhəmiyyət daşıyır”, – deyə T.Paşayeva vurğulayıb.
Onun sözlərinə görə, “Loqos Qadın Uzunömürlülük Rezidensiyası” qocalar evi deyil, qadınların özlərini evlərindəki kimi rahat hiss etmələri üçün yaradılmış xüsusi məkandır. Rezidentlər sutkanın 24 saatı həkim nəzarəti altında olur və gündə beş dəfə qidalanırlar. Eyni zamanda, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman, yoqa, art-terapiya və musiqi terapiyası ilə yanaşı, müxtəlif layihələr həyata keçirilir.
“Rezidensiyada eyni vaxtda 60 qadının qalması üçün şərait yaradılıb. Burada yaş məhdudiyyəti yoxdur. Bəzən 35-40 yaşlı qadın da müəyyən xəstəlik və ya sağlamlıq problemi səbəbindən xüsusi qayğıya ehtiyac duya bilər. Biz travma və əməliyyatdansonrakı bərpa dövründə olan, hərəkət imkanları məhdudlaşan, eləcə də demensiyadan əziyyət çəkən qadınları qəbul edirik”, – deyə T.Paşayeva əlavə edib.