


“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də “Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
“Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nın təsisçisi Təranə Paşayeva çıxış edərək layihənin əsas məqsədinin qadınların sağlam, fəal və mənalı həyatına dəstək göstərmək, onların həyat keyfiyyətinin yüksəldilməsinə və uzunömürlülük mədəniyyətinin təşviqinə töhfə vermək olduğunu bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qadınların cəmiyyətdə rolunun artırılması, onların sosial rifahının və sağlamlığının qorunmasının əhəmiyyətindən danışıb. O, “Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nın bu istiqamətdə həyata keçirəcəyi fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva yeni layihənin qadınların sosial və mənəvi rifahına töhfə verəcəyini qeyd edərək rezidensiyanın fəaliyyətinə uğurlar arzulayıb.
“Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva isə ailə, qadın və sosial inkişaf sahəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən söz açıb.
Tədbirdə Milli Məclisin mərhum deputatı Qənirə Paşayevanın anası Tehran Nağıyeva da çıxış edib. O, qızının xatirəsinə göstərilən diqqətə və onun adının belə bir məkanda yaşadılmasına görə təşəkkürünü bildirib, Qənirə Paşayevanın həyatından, insanlara bağlılığından və ictimai fəaliyyətindən danışıb.
Qənirə Paşayevanın digər ailə üzvləri də onun xatirəsinin yaşadılması istiqamətində görülən işlərə görə minnətdarlıqlarını ifadə ediblər.
Xalq rəssamı Arif Hüseynov tədbir çərçivəsində təqdim olunan “Yazılmayan şeirlər” sərgisi barədə məlumat verib, əsərlərinin bu əlamətdar gündə nümayiş etdirilməsindən məmnunluğunu ifadə edib.
Açılış mərasiminin əsas məqamlarından biri Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş Xatirə Otağının təqdimatı olub.
Xatirə Otağında Qənirə Paşayevanın həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, onunla bağlı müxtəlif xatirə materialları nümayiş olunur. Məkanın yaradılmasında məqsəd Qənirə Paşayevanın xatirəsini yaşatmaq, onun həyat və fəaliyyətini gələcək nəsillərə çatdırmaqdır.
Digər çıxışçılar da Qənirə Paşayevanın ictimai-siyasi fəaliyyətindən, insanlara və milli-mənəvi dəyərlərə bağlılığından, eləcə də xatirəsinin yaşadılmasının əhəmiyyətindən danışıblar.
Açılış mərasimindən sonra qonaqlar “Loqos Qadın Uzunömürlülük Rezidensiyası” ilə tanış olub, Qənirə Paşayevanın Xatirə Otağına və Xalq rəssamı Arif Hüseynovun “Yazılmayan şeirlər” sərgisinə baxış keçiriblər.